Equilibrium


          Filmdə gələcək zamanda, üçüncü dünya müharibəsindən sonrakı vaxtlar təsəvvür olunur. Belə ki hər cürə incəsənət, gözəl olan hər şey qadağan olunub, kitab oxumaq, musiqi, rəsm. Səbəb insanların duyğularına qapılaraq müharibələr başlatmalarıdır. Bu tip şeylərdən istifadə eləyənləri isə tapıb məhv eləyirlər. Hətta ev heyvanları belə saxlamaq olmaz, onları sadəcə öldürürlər. Baş qəhrəmanımız isə həmin bu məhv eləyənlərin ən yaxşılarından biridir. Və onun öz arvadı da qanunu tapdalayanlardan biri olub və həbs olunub. Film baş qəhrəmanımızın dəyişimini və nəticədə baş verənləri göstərir. Bu film haqqında qısa məlumat idi, indi keçək təəssüratıma.

         İnsanın içindəki incəsənətə, gözəl olana qarşı olan istək hər zaman var olacaq. İndi hər tərəfdə bu gözəlliklərin ticariləşdirildiyi bir dünyada bu maraqlı gəlir insana. Gündə tonlarca musiqi qəbul edirik, hər tərəfdə, televizorda, küçədə plakatlarda, reklamlarda nə qədər görsəllik dolur beynimizə. Heç bir problemimiz ola bilməz yəni gözəllik, incəsənət işləri ilə. Çox olduğu üçün bizə elə gəlir ki olmasa da olar. Amma olmasa elə axtaracağıq ki. Amma filmdəki kimi qadağan olunsa bizim ona qarşı hissiyatımız da kəskinləşəcək. Necə ki bir neçə gün ac qalan adamın yeməkdən hədsiz zövq alması kimi. Bu film intellektualların adi insanları kitaba maraqlandırmağa çalışdıqları bu dövrdə maraqlıdır. Filmdəki kimi bir dövr yaşansa kitab əldən-ələ qaçaq mal kimi satılan bir şey olacaq. Əlbəttə bu qədər məlumatın, qarmaqarışıqlığın içində insanlar kitaba meyl etməməlidirlər. Oynamağın bəzən yüngüllük sayıldığı, mahnı oxumağa çox vaxt utandığımız bir dünyada bu film bunlar üçün sino gedəcəyimiz zamanı göstərdiyinə görə əlamətdardır.