Da Vinçinin Şeytanları II sezon


Hal-hazırda "Da Vinçinin Şeytanları" adlı serial Azərbaycanda fəaliyyət göstərən CBC kanalında rus dilində yayımlanır. Bu gün etibarilə artıq serialın 2-ci sezonu nümayiş olunur.

1-ci sezon Da Vinçi-yə himayədarlıq edən Florensiya hakimi Lorenzo Mediçinin hakimiyyətdən endirilməsi ilə başa çatır. Tarixdə həmin hadisələrdən sonra Da Vinçi köçkün həyatı yaşayır, nəticədə bir neçə il sonra Fransada sarayda yaşayıb yaratmağa başlayır. Serialın 2-ci sezonu isə bu dövrləri təsvir etməkdənsə Da Vinci-ni Yeni Dünyaya göndərir. Şəxsən Da Vinçinin yaşadığı mühit və tarixi şəraitlə maraqlanan bir adam olaraq mənim üçün Da Vinçini  vəhşi qəbilələrin əlində əsir kimi görmək maraqlı deyil. Üstəlik də burada Da Vinci özünü reallaşdıra bilmir. Bizim tanıdığımız - hər vəziyyətdən əqli ilə çıxış yolu tapan Da Vinçini biz burada çox az görə bilirik.

Süjet isə əvvəlki sezondan fərqli olaraq mistika elementlərinə daha çox üstünlük verir. Sanki süjet tamamilə Da Vinçinin bu torpaqlarda anadan olarkən itirdiyi anasının izini tapması üzərində qurulub, amma finala qədər biz heç bir əhəmiyyətli sirri aşkarlaya bilmirik. Bir sözlə hadisələr kifayət qədər maraq doğuracaq dərəcədə işlənməyib. Bizdə heç tanımadığımız bu adamların burada nə iş gördükləri ilə bağlı maraq da yaranmır. Mənim fikrimcə bu sezon sadəcə birinci sezonun uğurundan fayda götürmək üçün atılmış bir addımdır. Ayrılıqda ikinci sezonu yaxşı iş kimi qəbul etmək olmaz.

Son zamanlarda "Game of Thrones", "Spartacus", "Breaking Bad" kimi uğur qazanmış bir çox serialların bir neçə sezon çəkildiyini müşahidə edirik. Amma bu serialların 2-ci, 3-cü, 4-cü və s. sezonları heç də həmişə uğurlu alınmır. Əslində heç birimiz sevdiyimiz qəhrəmanlardan ayrılmaq istəmirik.  Ona görə də ürəyimizdən bu qəhrəmanların ömrünü uzatmaq arzusu keçir. Amma hər çəkilən yeni sezon da yaxşı səviyyədə ola bilmir. Hətta "Breaking Bad"in sonlarına yaxın hadisələrin çox uzandığını düşünməyə başlayırıq. Bunun bir çox səbəbləri var. Ən sadəsi ona görə ki ideya qıtlığı yaranır yazıçılarda. Bundan əlavə real iş şəraitindən asılı olaraq rejissorlar, ssenaristlər, işçi heyət, hətta aktyorlar yenisi ilə əvəz oluna bilir. Ancaq bu səbəblər film istehsalçılarının tamaşaçıların qəlbinə yol tapa bilmədikləri faktını dəyişdirə bilmir.

Gəlin sadəcə ümid eləyək ki "Da Vinçinin Şeytanları"nın 3-cü sezonu çəkilməyəcək.