Sosial məsuliyyət və mən


     
     Əgər fikir vermisinizsə insanlar adətən sosial və ya hərhansı bir məsuliyyətdən danışan insanlara qulaq asmamağa meyllidirlər. Çünki bunu edənlərin hamısı, "gəlin filan şeyi edək", ya da "filan şeyi etmək borcumuzdur, etməliyik" deyə məsələyə yanaşırlar. Amma sosial məsuliyyətdən danışmağın tək yolu bu olmadığı kimi, bu yolun effektiv yol olduğunu düşünənlər də yanılırlar.


     Çünki məsuliyyət ancaq fərdin öz iradəsi ilə başa düşülüb yerinə yetirildiyi zaman məsuliyyət olur. Sadə bir misal, məsələn mən məktəbdə dərslərimi kifayət qədər oxumuramsa və valideynimin məcburetməsi nəticəsində oxumağa başlayıramsa bu məni dərslərimə qarşı məsuliyyətli etmir. Məsuliyyət ancaq öz iradəmizlə uzlaşırsa məsuliyyət ola bilər.

     Dolayısı ilə, bu yazını oxuyanların sosial məsuliyyətli olub-olmamasının bu yazını və yə başqa yazıları oxumaqlarına dəxli yoxdur. Bu yazını oxuyandan sonra, heç kim, "həəə, mənim məsuliyyətlərim var imiş, gərək sabahdan başlayım onu yerinə yetirməyə" deməz. Bu yazını oxuyandan sonra, reaksiya "həə" deyib səhifəni bağlamaq ola bilər. Bu yazını oxuyandan sonra "məsuliyyətli olmağa qərar vermək" nə qədər məntiqsizdirsə, hərhansı dini kitabı oxuyandan sonra və dövlətin TV-də təbliğatını eşidəndən sonra bu nəticəyə gəlmək də o qədər məntiqsizdir.

     Şəxsən mənim valideynlərim deyir ki, "Övladına baxmaq valideynin borcudur". Mən də, "- Deməli kimsə sizə bunu deməsəydi, övladlarınızı çölə tullayacaqdınız?" deyə cavab verirəm. Əlbəttə yox. Deməli şeylərə qarşı məsuliyyət hərhansı başqa bir mənbədən yox, şeylərin özünə qarşı olan münasibətimizdən gəlir.

     Bəs "sosial"?

     "Sosial" və ya "toplumsal" məsuliyyət isə digər fərdlərlə əlaqəli olan məsuliyyətimizdir. Yəni bizim hərəkət və düşüncələrimizin topluma necə təsir edəcəyinin fərqində olmaq və buna görə hərəkət etməkdir sosial məsuliyyət.

     Əxlaq və məsuliyyət

     Əxlaqla məsuliyyət əslində sıx bağlıdır, amma ayrı-ayrı şeylərdir. Məsələn mən küçəyə zibil tullayıramsa burdan o nəticəyə gəlmək olmaz ki, mən sosial olaraq məsuliyyətsiz davranıram. Əgər mən küçəyə zibil tullamaqla küçəni zibillədiyimi və səliqəsiz, naxoş görüntü yaratdığımın fərqindəyəmsə və bunu öz iradəmlə edirəmsə, onda bunu məsuliyyətsiz hərəkət adlandırmaq olmaz. Bunun əxlaqlı və ya əxlaqsız olmasından olmasından danışmaq olar, amma məsuliyyətsiz olduğunu demək düzgün deyil.