Bloq yazmaq üçün nə lazımdır?



      Baxın, bloq yazmaq üçün deyirəm a, bloqqer olmaq üçün demirəm. Bloqqer olmaq ümidi ilə bu yazını oxuyanların ümidləri boşa çıxa bilər, onlar başqa distansiyalara müraciət eləsələr yaxşı olar.


      1) Çox danışan olmaq lazımdır.
 
      Elə bu yerdə gözəl bir hekayəni sizə nəql etmək istəyirəm ki mövzu anlaşıqlı olsun.
      Bir gün bir mitinqdə danışmaq üçün tanınmış natiq gətirdilir. Natiq danışır, danışır, danışır, qurtarmaq bilmir. Axırda ondan soruşurlar ki, sən niyə bu qədər çox danışırsan. Natiq ağzında dediyi sözü bitirmədən cavabı yapışdırır: “Ə, mən bura danışmaq üçün çıxmışam da!”  və heç nə olmamış kimi sözünə qaldığı yerdən davam edir.


      2) Hər şey haqqında bir fikrin olsa pis olmaz.

       Bir gün bir incəsənət adamından müsahibə götürülür. Jurnalist əvvəlcədən danışmış olduqları üçün rahat olan müsahibinə gözlənilmədən "qara qızılın insan qızılına çevrilməsi" haqqında nə fikirləşirsiniz deyə sual verir. Gözlənilməyən sual qarşısında sarsılan müsahib donub qalır. Yoldan ötənlər “Allah prezidentimizin canını sağ eləsin” deyə kömək etməyə çalışsalar da müsahib uzun müddət səssizliyi poza bilmir. (Bundan sonra həmin incəsənət xadimi həyatının geri qalanını sual haqqında, bu sualın ona niyə verildiyi haqqında düşünərək keçirir)


      3) Tərəfsiz olsan yaxşı olar, amma istəsən tərəf də tuta bilərsən, öz bloqundu.
 
      Bir yaşlı qoca həmişə iş yerinin yolu çox dolanbaclı olduğu üçün yadında saxlaya bilmirmiş. Ona görə həyat yoldaşı qarı ona siyahı yazıb verirmiş ki birinci sola dön, filan yerə çatdın sağa dön və s. Qocanın ağlı da arada gedib gəlirmiş, ona görə sağla solu qarışdırmamaq üçün sağ qolundan sarımsaq, solundan soğan asıbmış. Günlərin günü qoca bir yolayrıcına çatıb görür ki kağıza su düşüb, hansı tərəfə gedəcəyini görə bilmir. Qoca bir an dayanıb düşünür, bilmir sağa getsin yoxsa sola. O anda birdən fikir verir ki, orta yol da var. Qoca tərəddüd etmədən orta yoldan gedir. O gündən sonra qoca tərəfsiz olur.
 

      4) Bir azca yumor da olsa yazını daha əyləncəli edər.
 
      Bir gün iki dost söhbət edərkən biri o birinə deyir ki yəqin eşitmisən də, Hostun təzə mahnısıdı var “Eynşteyn” adında. O biri deyir ki hə bilirəm,amma Eynşteyn deyəndə mənim ağlıma məşhur alim və düsturlar filan gəlir. Dostu deyir ki nə düstur, nə danışırsan? Deyir bəs Eynşteyn də, tanımırsan? Eynşteyni tanımayana dostu ona Eynşteynin nəzəriyyəsini və məşhur E=mc2 düsturunu göstərəndən sonra oğlan bir anlıq donub qalır və gülməyə başlayır. Elə-belə gülmək yox özü də, lap ürəyi gedir. Dostu onun nəyə güldüyünü başa düşməyib soruşsa da oğlan gülməyini saxlaya bilmir ki cavab versin. Təşvişə düşən dostu təcili yardım çağırmaq istəyəndə baxıb görür ki artıq oğlan keçinib. (O mənada yox, geyinib-keçinib).