Kurt Vonnequt - Olmaq ya da Olmamaq (2BR02B) - hekayə


Hər şey əla gedirdi.
Həbsxanalar, gecəqondular, ruhi xəstəxanalar, əlillik, yoxsulluq, müharibə artıq yox idi.
Bütün xəstəliklər ram edilmişdi. Qocalıq da həmçinin.
Qəzaları saymasaq ölüm ancaq könüllülər üçün macəradan ibarət idi.
Amerika Birləşmiş Ştatlarının əhalisi qırx milyon nəfər olaraq sabitləşdirilmişdi.
Günəşli bir gün səhər çağı Edvard Uelinq adlı şəxs Şikaqo Doğum Evində həyat yoldaşının dünyaya uşaq gətirməsini gözləyirdi. O gözləyən yeganə adam idi. Artıq gün ərzində çox az uşaq anadan olurdu.
Uelinqin əlli altı yaşı var idi. Yaş ortalaması yüz iyirmi doqquz olan əhali arasında o hələ yeniyətmə sayılırdı.
Rentgen müayinəsi onun həyat yoldaşının üç uşaq - üçüz dünyaya gətirəcəyini aydınlaşdırmışdı. Bu onun ilk uşaqları idi.
Gənc Uelinq başını əllərinin arasına alıb donqarını çıxararaq oturmuşdu. O o qədər büzüşmüş, hərəkətsiz və solğun idi ki demək olar ki görünməz idi. Onun maskalanması mükəmməl idi. Çünki otaqda da dağınıq və əxlaqi cəhətdən pozğun atmosfer var idi. Stullar və külqabılar divardan uzaqlaşdırılmışdı. Döşəmə çirklənməyə qarşı parça ilə örtülmüşdü.
Otaq redekorasiya olunurdu. Redekorasiya könüllü olaraq ölməyə razı olan bir kişinin xatirəsinə həsr olunurdu.
Təxminən iki yüz yaşlı, kinayəli bir adam ayaqlı nərdivanda oturub özünün də xoşuna gəlməyən divar rəsmini çəkirdi. İnsanlar görünən formada yaşlandığı vaxtlarda ona hardasa otuz beş yaş vermək olardı. Qocalmağa çarə tapılmazdan əvvəl yaşlanmaq ona bu qədər təsir etməyə imkan tapmışdı.
Üstündə işlədiyi divar rəsmində çox səliqəli bir bağ təsvir olunmuşdu. Ağ paltarlı kişilər və qadınlar, həkimlər və tibb bacıları torpağı belləyir, toxum səpir, ziyanvericilərə qarşı dərmanlayır və gübrə verirdilər.
Bənövşəyi forma geymiş kişilər və qadınlar alaq otlarını təmizləyir, qoca və xəstə bitkiləri kəsir, xəzəlləri dırmıqlayır və zibilləri atırdılar.
Heç vaxt, heç vaxt və heç vaxt - hətta orta əsrlər Hollandiyası və qədim Yaponiyada belə - belə qanuni və yaxşı baxılmış bağça olmamışdı. Bütün bitkilər özünə lazım olan torpaq, işıq, su, hava və gida maddələrini lazımınca ala bilirdilər.
Koridorda bir təmizlik işçisi məşhur mahnını dodağının altında oxuya-oxuya gəlirdi:
Əgər mənim öpüşlərim xoşuna gəlmirsə əzizim
Bilirsən ne edəcəyəm?
Bənövşəyi formalı bir qız görəcəyəm,
Bu dünyaya əlvida deyəcəyəm.
Əgər mənim sevgim xoşuna gəlmirsə
Niyə mən bu qədər yer tutmalıyam?
Bu köhnə planetdən çıxıb gedərəm
Qoy şirin bir uşaq tutsun yerimi.

Təmizlik işçisi divar rəsminə və onun rəssamına baxıb:
- Lap həqiqi görünür. Asanlıqla bağın ortasında olduğumu təsəvvür eləyə bilirəm.
- Hardan bilirsən ki elə ordaca deyilsən? - rəssam kinayəli bir təbəssümlə dedi, - Bilirsən, bu rəsm "Xoşbəxt Həyat Bağı" adlanır.
- Bu Doktor Hitzin alicənablığıdır.
-------------------------------------------------------------------------------------

O ağ paltarlı kişi obrazlarından biri haqqında danışırdı - onun başı doğum evinin baş həkimi Doktor Bencamin Hitzin portretindən ibarət idi. O gözqamaşdırıcı dərəcədə yaraşıqlı adam idi.
- Hələ də doldurulası çox üz var, - o rəsimdəki bir çox fiqurların üzünün boş olmasını nəzərdə tuturdu. Bütün boş yerlər doğum evinin yaxud Federal Məhvetmə Bürosunun Çikaqo ofisinin şəxsi heyətindəki mühüm insanların portretləri ilə doldurulmalı idi.
- Bir şeyə oxşayan rəsmlərin müəllifi olmaq yəqin ki sizin üçün xoşdur, - deyə təmizlik işçisi dedi.
Rəssamın üzü nifrətdən büzüşdü:
- Səncə mən bu cızmaqara ilə fəxr edirəm? Səncə mənim gözümdə həyat belədir?
- Bəs necədir?
O yerdəki korlanmış örtüklərə işarə edib:
- Bu məsələn yaxşı nümunədir. Bunu çərçivələtsən ən azından daha dürüst mənzərə əldə etmiş olarsan.
- Sən qaraqabaq bir qocasan deyəsən, elə deyil?
- Burda pis nə var?
Təmizlik işçisi çiynini çəkdi:
- Əgər buranı xoşlamırsansa, ağsaqqal, - dedi və sözünü artıq yaşamaq istəməyənlərin zəng etdiyi telefon nömrəsi ilə bitirdi. Nömrədəki sıfırları o "heç" deyə tələffüz etdi.
Nömrə belə idi: "2 B R 0 2 B"
Bu nömrə qəribə ləqəbləri olan bir müəssisənin nömrəsi idi. Məsələn - "Avtomat", "Quş ferması", "Konserv zavodu", "Pişik qutusu", "Bit təmizləyən", "Qısa yol", "Əlvida, ana", "Xoşbəxt xuliqan", ''Tez-öp-məni", "Bəxtiyar Pyer", "Filfilo", "Uorinqin blenderi", "Artıq-ağlama", "Niyə narahat olursan?" və s.
"Olmaq ya olmamaq" isə Federal Məhvetmə Bürosu nəzdindəki zəhərli qaz kameralarının nömrəsi idi.
-------------------------------------------------------------------
Rəssam təmizlik işçisinə acıq verərək:
- Mən getməyə qərar verəndə, bilirəm ki bu "Filfilo"da olmayacaq.
- İşini özün görməyi sevirsən, hə? Çirkli işdir. Niyə sizin arxanızdan təmizlik edəcək insanları heç nəzərə almırsınız?
Rəssam nalayiqcəsinə özündən sonrakıların müsibətlərinə qarşı laqeydliyini bildirdi:
- Məndən olsa, cahana hələ çox çirk lazımdır.
Təmizlik işçisi gülüb yoluna davam etdi.
Gözləyən ata - Uelinq başını qaldırmadan nə isə mırıldandı. Sonra o yenidən susdu.
Dik dabanlı ayaqqabı geymiş kobud, zəhmli bir qadın içəri daxil oldu. Onun ayaqqabıları, corabları, paltosu, çantası və papağı rəssamın "qiyamət günündəki üzümlərin rəngi" adlandırdığı bənövşəyi rəngdə idi.
Bənövşəyi çantasının üzərindəki medalyon Federal Məhvetmə Bürosununun emblemi - turniket üzərində qartal təsvirindən ibarət idi.
Qadının üzü həddindən artıq tüklü idi, hətta onun açıq-aydın görünən bir bığı var idi. Maraqlıdır ki qaz kamerası stüardessaları işə götürüləndə nə qədər ecazkar və zərif olsalar da 5 il ərzində onların bığı çıxırdı.
- Düz gəlmişəm? - qadın rəssamdan soruşdu.
- O sizin işinizdən asılıdır. Uşağınız olacaq deyə gəlmisiniz, yoxsa?
- Mənə deyiblər ki mən rəsm üçün poza verməliyəm. Adım Liora Dankendır. Bu arada bu həqiqətən də gözəl rəsmdir. Eləbil cənnətə bənzəyir.
- Eləbil, - dedi rəssam və cibindən bir siyahı çıxartdı. Siyahını nəzərdən keçirərək, - Danken, Danken, Danken... Aha! Burdasınız. Siz ölümsüzləşdiriləcəksiniz. Burda üzünüzü qoymağımı istədiyiniz fiqur var? Hələ bir neçə seçimimiz qalıb.
O divar rəsmini gözucu nəzərdən keçirdi:
- Boy, bunların hamısı eyni görünür ki. Əslinə qalsa mənim incəsənətdən heç başım çıxmır.
- Fiqur elə fiqurdur, hə? Onda  təsviri incəsənət ustadı kimi mən sizə bu fiquru məsləhət görərdim, - deyərək o zibil yandırıcılarına xəzəl daşıyan qadının üzsüz fiqurunu göstərdi.
- Belə baxanda bu daha çox zibil daşıyan insandır. Mən xidmət sahəsindəyəm. Zibil işinə baxmıram axı.
Rəssam istehzalı zövqlə əllərini bir-birinə vurdu:
- Əvvəlcə deyirsiniz ki incəsənətdən başınız çıxmır. Sonra isə ağzınızı açmağınızla sübut etməyiniz bir oldu ki siz incəsənət haqqında məndən də çox bilirsiniz. Təbii ki, zibil-daşıyan stüardessa üçün düzgün olmaz. Kəsici, budayıcı - bax bu sizlikdir, - O mişarla ağacın qurumuş budağını kəsən bənövşəyi paltarlı xanımı işarə edib dedi, - Bəs o necə? Xoşunuza gəlir?
- Oy, - o qızardı və itaətkarlaşdı, - Onda mən düz Doktor Hitzin yanına düşürəm ki.
- Bu sizin xoşunuza gəlmir?
- Aman Allah, yox. Bu sadəcə mənim üçün böyük şərəfdir.
- Deməli ona heyransınız, hə?
- Kim ona heyran deyil ki? - o Doktor Hitzin portretinə heyranlıqla baxaraq dedi. Bu günəşdə qaralmış dərisi olan, ağ saçlı, qadir Zevsin portreti idi, - Kim ona heyran olmur ki? O Çikaqoda ilk qaz kamerasını təsis etmişdi.
- Sizi onunla həmişəlik yan-yana qoymaqdan məni çox məmnun olaram. Deməli budağı kəsən yerdə, hə? Bu sizi qane edir?
- Elə mənim gördüyüm iş də budur, - o öz işi haqqında çox ağır davranırdı. Onun işi insanları öldürərkən onların rahatlığını təmin etmək idi.
------------------------------------------------------------------------------
Liora Danken portret üçün poza verərkən gözləmə otağına şəxsən Doktor Hitz daxil oldu. Onun boyu 210 santimetr idi, o vaciblik, müvəffəqiyyət və həyat eşqi ilə dolub daşırdı.
- Xanım Danken, xanım Danken, - dedi və zarafat elədi, - Siz burda nə gəzirsiniz? Bu insanların dünyanı tərk etdiyi yer deyil, dünyaya gəldiyi yerdir!
- Biz sizinlə eyni şəkildə bir yerdə olacağıq, - Liora utanaraq dedi.
- Nə yaxşı! - dedi doktor ürəkdən, - Əla şəkildir, elə deyil?
- Mən sizinlə bir yerdə olmağımla fəxr edirəm.
- İcazə verin mən də deyim ki, mən də sizinlə yanyana olmağımla fəxr edirəm. Sizin kimi qadınlar olmasa bu gözəl dünya mümkün olmazdı.
O Liora ilə sağollaşaraq doğum otağına aparan qapıya yaxınlaşdı:
- Tapın görək indicə nə dünyaya gəlib.
- Bilmirəm.
- Üçüz!
- Üçüz!
Lioranın həyəcanı üçüzlərin hüquqi məsələləri haqqında idi.
Qanuna görə heç bir yeni doğulmuş uşaq onun valideyləri tərəfindən ölmək üçün könüllülər tapılmayınca yaşaya bilməzdi. Üçüzlərdən hər birinin yaşamasından ötrü 3 könüllü lazım idi.
- Valideynlər 3 könüllü tapıblar? - Liora Danken soruşdu.
- Mən bildiyimə görə, bir nəfər tapıblar, digər ikisini isə axtarırlar.
- Məncə onlarda alınmayıb. Bu gün heç kim 3 görüş təyin etməyib. Bu gün ancaq subaylar olub. Mən çıxandan sonra zəng ediblərsə onu dəyə bilmərəm. Adı nədir?
- Uelinq, - gözləri qızarmış, yorğun Uelinq oturmuş halda dedi, - Xoşbəxt ata namizədinin adı Edvard K. Uelinqdir, - O sağ əlini qaldırdı, divarda naməlum bir nöqtəyə gözünü zilləyib boğuq səslə bədbəxtcəsinə hırıldadı, -Burda! - dedi.
- Oy, Mister Uelinq. Mən sizi görməmişdim.
- Görünməz adam, - dedi Uelinq.
- Bu dəqiqə mənə zəng vurub bildirdilər ki sizin üçüz uşağınız dünyaya gəlib. Uşaqların vəziyyəti yaxşıdır, ananın da həmçinin. İndi onları gedib görəcəyəm.
- Ura! - Uelinq hissiyatsızca dedi.
- Xoşbəxt olana oxşamırsınız, - doktor Hitz dedi.
- Kim mənim yerimdə olsa özünü xoşbəxt saymaz? - Əlləri ilə qayğısız sadəlik mənasında jest etdi, - İndi sadəcə üçüzlərdən hansının yaşayacağını seçib ana nənəmi Xoşbəxt Xuliqana göndərmək və qəbzi götürüb bura gəlmək qalır.
------------------------------------------------------------------------------------------
Doktor Hitz əl çəkmədi, Uelinqin başının üstünü kəsdirib:
- Əhali artımının idarə olunmasını bəyənmirsiniz?
- Məncə kifayət qədər yerində qərardır, - Uelinq gərgin halda dedi.
- Siz dünyanın əhalisinin 20 milyard olduğu, nə vaxtsa 40, 80 və 160 milyard olacağı keçmiş günlərə geri qayıtmaq istəyirsiniz? Gilə nə deməkdir bilirsiniz Mister Uelinq? - Hitz dedi.
- Yox, - Uelinq qaşqabaqlı halda dedi.
- Gilə, mister Uelinq, böyürtkənin üzərindəki kiçik lətli dənələrə deyilir. Artımın idarə edilməsi olmasaydı biz insanlar bu köhnə planetin səthində gilələr kimi düzülərdik! Düşünün!
Uelinq divardakı həmin nöqtəyə baxmağa davam etdi.
- 2000-ci ildə, - doktor Hitz dedi, - alimlər qanunu qoymamışdan əvvəl yaşamaq üçün kifayət qədər su qalmamışdı, insanlar dəniz yosunu yeyirdi, amma hələ də göbələk kimi artıb çoxalmaq hüquqlarını tələb edirdilər. Əgər mümkünsə sonsuz yaşamaq hüquqlarını da həmçinin.
- Mən o uşaqları istəyirəm, - Uelinq dedi, - onların üçünü də.
- Əlbəttə istəyirsiniz. Bu çox insani davranışdır.
- Amma babamın ölməyini də istəmirəm.
- Heç kim öz yaxınlarını Pişik Qutusuna göndırməyi xoşlamır, - doktor canıyanan halda dedi.
- Kaş insanlar onu belə adlandırmayaydılar, - Liora Danken dedi.
- Nə? - doktor Hitz dedi.
- Gərək insanlar onu "Pişik Qutusu" adlandırmasınlar, - Liora dedi, - Bu insanlarda səhv təəssürat yaradır.
- Tamamilə haqlısınız. Bağışlayın, - doktor Hitz dedi və səhvini düzəltdi. Qaz kameralarının rəsmi adını çəkdi, - Mən "Etik İntihar Studiyaları" deməli idim.
- Belə daha yaxşı səslənir, - Liora Danken dedi.
- Sizin yaşayacaq uşağınız, - doktor dedi, - artımın idarə edilməsi sayəsində xoşbəxt, təmiz, geniş və zəngin planetdə yaşayacaq. Ordakı divar rəsmindəki kimi bir bağçada, - o başını yellədi, - 200 il əvvəl, mən cavan olanda dünya cəhənnəm idi, heç kim fikirləşmirdi ki bu 20 ildən artıq çəkə bilər. İndi isə bizi əslər boyu təxəyyülümüz yetən qədər sülh və bolluq gözləyir.
O nurlu şəkildə gülümsədi.
Uelinqin cibindən tapanca çıxartdığını görəndə onun üzündəki gülümsəmə yavaşca yoxa çıxdı.
Uelinq doktor Hitzi başından vurdu, - Bir nəfər üçün yer var, böyük bir nəfər üçün, o dedi.
Sonra o Liora Dankeni vurdu, o yerə düşərkən Lioraya dedi: "Bu sadəcə ölümdür. Aha, ikinciyə də yer açıldı"
Sonra isə o özünü vurdu. Beləcə uşaqlarının üçünə də yer açdı.
Heç kəs qaçıb gəlmədi. Görünür, heç kəs silah səsini eşitməmişdi.
Rəssam ayaqlı nərdivanda oturub düşüncəli halda bu bədbəxt mənzərəni izləyirdi.
-------------------------------------------------------------------------
Rəssam anadan olmağı tələb edən həyatın acınacaqlı tapmacası haqqında düşünməyə başladı. Anadan olduqdan sonra çiçəklənmək - çoxalmaq və mümkün qədər uzun yaşamaq istəyən, amma bunların hamısını kiçik bir planetdə eləməyə çalışan həyat haqqında.
Onun tapdığı cavablar hamısı əzazil idi. Əlbəttə ki Pişik qutusu, Xoşbəxt xuliqan və Qısa yoldan daha əzazil. O müharibə haqqında düşündü, o yoluxucu xəstəliklər və aclıq haqqında düşündü.
Başa düşdü ki bir də heç vaxt rəsm çəkməyəcək. Fırçası əlindən sürüşüb yerə düşdü. Sonra isə Xoşbəxt Həyat Bağçasında kifayət qədər ömür sürdüyünə qərar verdi. Yavaşca pilləkənlərlə aşağı endi.
Həqiqətən özünü öldürmək fikri ilə Uelinqin silahını götürdü.
Amma buna cəsarəti çatmadığını gördü.
Birdən otağın ortasındakı telefon kabinəsinə gözü sataşdı. O telefon kabinəsi daxil oldu, yaxşı xatırladığı nömrəni yığdı - 2 B R 0 2 B.
- Feredal Məhvetmə Bürosu, - telefondakı qız səmimi şəkildə dedi.
- Ən tez nə vaxt görüş təyin edə bilərik? - deyə o ehmallıca soruşdu.
- Biz yəqin ki sizi bu gün günortadan sonraya təyin bilərik. Əgər ləğv etmək istəyənlər olsa daha tez də ola bilər.
- Oldu. Xahiş edirəm adımı yazın, - dedi rəssam və öz adının necə yazıldığını başa saldı.
- Çox sağ olun cənab. Şəhəriniz sizə minnətdarlığını bildirir, planetiniz sizə minnətdarlığını bildirir. Ən əsası isə gələcək nəsillər sizə minnətdarlığını bildirir!

Yazıçı: Kurt Vonnequt
Hekayə: 2BR02B
İngilis dilindən tərcümə edən: Fərhad Haqverdiyev

Da Vinçinin Şeytanları II sezon


Hal-hazırda "Da Vinçinin Şeytanları" adlı serial Azərbaycanda fəaliyyət göstərən CBC kanalında rus dilində yayımlanır. Bu gün etibarilə artıq serialın 2-ci sezonu nümayiş olunur.

1-ci sezon Da Vinçi-yə himayədarlıq edən Florensiya hakimi Lorenzo Mediçinin hakimiyyətdən endirilməsi ilə başa çatır. Tarixdə həmin hadisələrdən sonra Da Vinçi köçkün həyatı yaşayır, nəticədə bir neçə il sonra Fransada sarayda yaşayıb yaratmağa başlayır. Serialın 2-ci sezonu isə bu dövrləri təsvir etməkdənsə Da Vinci-ni Yeni Dünyaya göndərir. Şəxsən Da Vinçinin yaşadığı mühit və tarixi şəraitlə maraqlanan bir adam olaraq mənim üçün Da Vinçini  vəhşi qəbilələrin əlində əsir kimi görmək maraqlı deyil. Üstəlik də burada Da Vinci özünü reallaşdıra bilmir. Bizim tanıdığımız - hər vəziyyətdən əqli ilə çıxış yolu tapan Da Vinçini biz burada çox az görə bilirik.

Süjet isə əvvəlki sezondan fərqli olaraq mistika elementlərinə daha çox üstünlük verir. Sanki süjet tamamilə Da Vinçinin bu torpaqlarda anadan olarkən itirdiyi anasının izini tapması üzərində qurulub, amma finala qədər biz heç bir əhəmiyyətli sirri aşkarlaya bilmirik. Bir sözlə hadisələr kifayət qədər maraq doğuracaq dərəcədə işlənməyib. Bizdə heç tanımadığımız bu adamların burada nə iş gördükləri ilə bağlı maraq da yaranmır. Mənim fikrimcə bu sezon sadəcə birinci sezonun uğurundan fayda götürmək üçün atılmış bir addımdır. Ayrılıqda ikinci sezonu yaxşı iş kimi qəbul etmək olmaz.

Son zamanlarda "Game of Thrones", "Spartacus", "Breaking Bad" kimi uğur qazanmış bir çox serialların bir neçə sezon çəkildiyini müşahidə edirik. Amma bu serialların 2-ci, 3-cü, 4-cü və s. sezonları heç də həmişə uğurlu alınmır. Əslində heç birimiz sevdiyimiz qəhrəmanlardan ayrılmaq istəmirik.  Ona görə də ürəyimizdən bu qəhrəmanların ömrünü uzatmaq arzusu keçir. Amma hər çəkilən yeni sezon da yaxşı səviyyədə ola bilmir. Hətta "Breaking Bad"in sonlarına yaxın hadisələrin çox uzandığını düşünməyə başlayırıq. Bunun bir çox səbəbləri var. Ən sadəsi ona görə ki ideya qıtlığı yaranır yazıçılarda. Bundan əlavə real iş şəraitindən asılı olaraq rejissorlar, ssenaristlər, işçi heyət, hətta aktyorlar yenisi ilə əvəz oluna bilir. Ancaq bu səbəblər film istehsalçılarının tamaşaçıların qəlbinə yol tapa bilmədikləri faktını dəyişdirə bilmir.

Gəlin sadəcə ümid eləyək ki "Da Vinçinin Şeytanları"nın 3-cü sezonu çəkilməyəcək.