Bloqlayankimilər


      Keçən dəfə bloq yazmaqdan danışmışdım. Bu dəfə də bloqların növlərindən danışacam. Bloqyazanlarkimilər bioloji olarak bir neçə sinifə bölünür.

      Burda tibb terminləri işləndiyinə görə adlar latınca olacaq. Başa düşə bilməyənlər Cavid Ağaya müraciət edəcəklər bilirəm. Mən özüm də bəzilərini bilmirəm, Allah onu başımızdan əskik eləməsin.

      Bloqqerus Adnanus Eminus:

      Əsasən Azərbaycanda geniş yayılan bu növün nümayəndələri əsasən sistemdən, hakimiyyətdən yazanlardır. Postlarında satira da tez-tez rast gəlinməkdədir. Bu növün nümayəndələri adətən polis şöbəsini də(Allah iraq elesin) bir dəfə təcrübədən keçirmiş canlılardır. Həm yaxşı, həm pis reaksiyalar alsalar da, haqlarında çox danışılan olduqları şübhəsizdir.

      Romantik Platonik Xəyalpərəstus:

      Bu növə aid canlılar yeniyetmələrdən ibarət olur adətən. Keçid dövrünün gətirdiyi xəyalpərəstliklə bloqlarını başdan ayağa romantik yazılarla, sevgiyə aid ədəbiyyat nümunələri ilə dolduranlardır. Bəzən dinə aid yazılar da qoymaqla idealist mövqelərini bəlli edirlər. Və adətən yaşıdları tərəfindən kifayət qədər rəğbət görürlər.

      İğtişaşda ixtisaslaşmış ittifaqlara ittihafda ittihamedilənus:

      Adından da aydın olduğu kimi bunlar ixtişaşda ixtisaslaşmış ittifaqlara ittihafda ittiham edilirlər adətən kütlə tərəfindən. Ya hər hansı bir ideologiyanı cəmiyyətə, ya öz fikrini kiməsə, ya da özünə sübut eləmək üçün internetdən (sui)istifadə edən canlı növüdür. Bunlar haqqında çox danışmağa ehtiyac görmürəm. Keçək digər növümüzə.

      Koy beline rahvan gitsinus:

      Bunlar bloq dünyasında azlıq təşkil edən bloqlayanlarkimilərdir. Siniflərə bölünmələri haqqında müxtəlif mülahizələr olsa da, bəzi ədəbiyyatlarda əsas 2 kateqoriyaya ayrıldıqlarını görmək mümkündür. Bloqus stabil formatuslar adətən xüsusi konkret bir stildə, hər hansı konkret formatda bloqlayanlar olub, format filan hərləşdirməyənuslar isə hər ağlına gələni(bəzən ağıllarına gələni yazmadıqları da elmə məlumdur) yazanlara deyilir.


      Bunlar bloqlayankimilərin əsas növləri idi. Bunu da deməliyəm ki bunlardan başqa minlərlə elmə məlum olmayan bloqlayanlar da var ki hal-hazırda öz bloqlarını doldurmaqla məşğuldurlar. Bu günlük bu qədər. Sizinlə mən, haqverdi bloqlayan idim. (Adın sonundakı “yan”ın ermənilərə heç bir dəxli yoxdur. Nəzərizə çatdırım ki, həmin “yan” şəkilçisinin azərbaycan dilindən gəlmə olduğu BMT tərəfindən təsdiq olunmuşdur.)

Bloq yazmaq üçün nə lazımdır?



      Baxın, bloq yazmaq üçün deyirəm a, bloqqer olmaq üçün demirəm. Bloqqer olmaq ümidi ilə bu yazını oxuyanların ümidləri boşa çıxa bilər, onlar başqa distansiyalara müraciət eləsələr yaxşı olar.


      1) Çox danışan olmaq lazımdır.
 
      Elə bu yerdə gözəl bir hekayəni sizə nəql etmək istəyirəm ki mövzu anlaşıqlı olsun.
      Bir gün bir mitinqdə danışmaq üçün tanınmış natiq gətirdilir. Natiq danışır, danışır, danışır, qurtarmaq bilmir. Axırda ondan soruşurlar ki, sən niyə bu qədər çox danışırsan. Natiq ağzında dediyi sözü bitirmədən cavabı yapışdırır: “Ə, mən bura danışmaq üçün çıxmışam da!”  və heç nə olmamış kimi sözünə qaldığı yerdən davam edir.


      2) Hər şey haqqında bir fikrin olsa pis olmaz.

       Bir gün bir incəsənət adamından müsahibə götürülür. Jurnalist əvvəlcədən danışmış olduqları üçün rahat olan müsahibinə gözlənilmədən "qara qızılın insan qızılına çevrilməsi" haqqında nə fikirləşirsiniz deyə sual verir. Gözlənilməyən sual qarşısında sarsılan müsahib donub qalır. Yoldan ötənlər “Allah prezidentimizin canını sağ eləsin” deyə kömək etməyə çalışsalar da müsahib uzun müddət səssizliyi poza bilmir. (Bundan sonra həmin incəsənət xadimi həyatının geri qalanını sual haqqında, bu sualın ona niyə verildiyi haqqında düşünərək keçirir)


      3) Tərəfsiz olsan yaxşı olar, amma istəsən tərəf də tuta bilərsən, öz bloqundu.
 
      Bir yaşlı qoca həmişə iş yerinin yolu çox dolanbaclı olduğu üçün yadında saxlaya bilmirmiş. Ona görə həyat yoldaşı qarı ona siyahı yazıb verirmiş ki birinci sola dön, filan yerə çatdın sağa dön və s. Qocanın ağlı da arada gedib gəlirmiş, ona görə sağla solu qarışdırmamaq üçün sağ qolundan sarımsaq, solundan soğan asıbmış. Günlərin günü qoca bir yolayrıcına çatıb görür ki kağıza su düşüb, hansı tərəfə gedəcəyini görə bilmir. Qoca bir an dayanıb düşünür, bilmir sağa getsin yoxsa sola. O anda birdən fikir verir ki, orta yol da var. Qoca tərəddüd etmədən orta yoldan gedir. O gündən sonra qoca tərəfsiz olur.
 

      4) Bir azca yumor da olsa yazını daha əyləncəli edər.
 
      Bir gün iki dost söhbət edərkən biri o birinə deyir ki yəqin eşitmisən də, Hostun təzə mahnısıdı var “Eynşteyn” adında. O biri deyir ki hə bilirəm,amma Eynşteyn deyəndə mənim ağlıma məşhur alim və düsturlar filan gəlir. Dostu deyir ki nə düstur, nə danışırsan? Deyir bəs Eynşteyn də, tanımırsan? Eynşteyni tanımayana dostu ona Eynşteynin nəzəriyyəsini və məşhur E=mc2 düsturunu göstərəndən sonra oğlan bir anlıq donub qalır və gülməyə başlayır. Elə-belə gülmək yox özü də, lap ürəyi gedir. Dostu onun nəyə güldüyünü başa düşməyib soruşsa da oğlan gülməyini saxlaya bilmir ki cavab versin. Təşvişə düşən dostu təcili yardım çağırmaq istəyəndə baxıb görür ki artıq oğlan keçinib. (O mənada yox, geyinib-keçinib).


Ehtiyaclar İyerarxiyası


Salam hörmətli oxucularım. Bu günlərdə aldığım xəbərə görə bloqda dalbadal iki xəbərin musiqi haqda olması oxucuları bloqumuzun musiqi bloqu olduğu fikrinə sürükləyib. Buna görə bəzi oxucular ümidlərinin qırıldığını deyib otaqlarından çölə çıxmır, hətta yemək yeməkdən və tualetə getməkdən imtina edirlərmiş. Amma narahat olmayın, vəziyyət nəzarətim altındadır. Bloqda ancaq musiqi yazıları olmayacaq, bloqda hər cürə yazı yazmaq ixtiyarını özümə vermişəm. Eheey, qışqırıq səslərinizi eşidirəm eləbil.

Bu bloq siz bilən bloqlardan olmasın istəyirəm. Bu bloqun analoqu olmasın istəyirəm. Bu bloqda hər şey olsun istəyirəm, sevgi, nifrət, ehtiras, intriqa...Biz mehriban ailə olaq istəyirəm. Birlikdə gülək, birlikdə ağlayaq, birlikdə burnumuzu silək istəyirəm.

Bu gün sizə bir piramidadan danışmaq istəyirəm. Amma bu piramida 1 dolların üstündəki bizə göz qoyan piramidalardan deyil. Bu piramida Maslovun Ehtiyaclar Iyerarxiyası nəzəriyyəsinin əyani vəsaiti kimi işlənir. Nədi bu nəzəriyyə? Maslov dayıdan soruşsan deyəcək ki insanların ehtiyaclarını bu piramidada göstərmişəm. Ən aşağı mərtəbədə ən ibtidai ehtiyaclar – yemək, içmək,yuxulamaq və cinsi əlaqə, sonrakı mərtəbədə təhlükəsizlik, sonrakında sevgi və aidolma, sonra gəlir özünəinam, ən yuxarı mərtəbədə isə özünü reallaşdırma, mənalılıq, əyləncəlilik, kreativlik durur. İş orasındadı ki Maslov dayı deyir ki, aşağıdakı ehtiyac ödənilmədən ondan üstdəki mərhələyə keçə bilmir insan. Və bütün insanın enerjisi o altdakı ehtiyacı ödəməyə yönəldilir şüuraltı olaraq.

Mən indi xaricdə təhsil alıram, ailəmdən ayrılmışam. Və dərslərim də çox çətindi, necə olacağını bilmirəm, çox narahatam, ona görə də yuxarıdakı ehtiyaclara keçə bilmirəm çox vaxt. Yəni ki özünəinamlı davranmaqda çətinlik çəkirəm, əvvəlki kimi kreativ ola bilmirəm. Bu mənim bütün hər şeyimə təsir edir, seçimlərimə, reaksiyalarıma, düşüncələrimə. Normal davrana bilmirəm, istər-istəməz bütün hər şey yönəlir o ehtiyacın əskikliyini qapamağa.İndi mən də elə ehtiyacı ödəmək üçün bu bloqu yazıram ki dərdimi başa salım rahatlayım.

Bu nəzəriyyə başqa çox şeyi də izah edir məncə, indi mənim yadıma düşmür, sizin ağlınıza gəlsə yazarsınız.


"Tanışma bitti"


           Bu albomun mənə yaşatdığı hisləri necə unuda bilərəm?! Bəzi mahnıları elə-belə dinləyirsən, başını yelləyirsən, normal bəyənirsən. Burdakı mahnılarda insan o xoşuna gəlmə duyğusunu hiss edəndə bir anlıq donub qalır. Nəsə hüzurverici bir cəhəti var, sadə amma dərin mənalı sözləri var. O hissiyyat yəqin ki çata biləcəyim ən hüzurlu durumdu və bu vəziyyətdə həm də sonuna qədər özünəinamlı oluram.

          Dərin bir kədər var, amma daha real, daha şux duruşlu, güclü insanın kədəri, əsl kədər. İnsanı çökdürən kədər deyil, həqiqətən mənalı bir kədər hiss edirsən. Və o kədərin yanında sərt musiqi gəlir bəzən. Bu sərt musiqi insanı qorxudan qışqırıq(scream vocal) deyil, əksinə hüzur gətirir. Bu albomda gözəbatan sərt musiqi yoxdu, sərt yarını tutur, hətta yarıdan da az.

         Tətildə evə qayıtmağa bir neçə gün qalmış tapmışdım, bütün günüm o hissiyyatla keçirdi. Və transfer elədiyimiz yerdə İstanbulda getdim həmin albomu aldım. Almağımın bir çox səbəbi var, həm o albomun özü mənim üçün dəyərlidi deyə ona sahib olmaq istədim, internetdən yükləmək həmin hissi tam vermir. Həm də nə ona da xeyir vermək istəyi də var idi.

         Evə gələndən sonra da musiqi mərkəzində(azərbaycancası “muzikalni centr”:D) bütün gün qulaq asıb oxuyurdum, özümdən getmişdim. O aralar bizə gələn bibim nəvəsi də xəstəsi olmuşdu :)

         2 aylıq tətilin sonuna qədər təsirindən ancaq çıxa bildim, o arada içimdə dəhşət mahnı yazmalıyam deyə bir his var idi. Bir neçə cızmaqara eləmişdim. Linklər silinib deyə indi bura yerləşdirə bilmirəm.